99 yaşlı ağsaqqaldan nəcib təşəbbüs – VİDEO

  • Space TV
  • 22 Oktyabr 2020 12:15

Ötən ayın 27-dən başlayaraq Ermənistanın növbəti təxribatlarının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alınır. Rəşadətli ordumuz düşmənə layiqincə cavab verməklə yanaşı yeni zəfərləri ilə də xalqımızı sevindirir. Belə bir həssas zamanda vətəndaşlarımız birlik göstərir, hər bir vasitə ilə öz dəstəklərini bildirməyə çalışırlar. Space TV xəbər verir ki, belə vətənpərvər insanlardan biri də Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü Kamal Kələntərlidir. Uzun illər Lənkəranda rəhbər vəzifələrdə işləmiş, el ağsaqqalı kimi tanınaraq nüfuz qazanmış Kamal kişinin son addımı da xüsusi diqqətə, hörmətə layiqdir. Belə ki, o, xilaskar ordumuza yardım etməyi özünün vətəndaşlıq borcu bilərək bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Şəhər, qəsəbə və kəndlərimizin işğaldan azad edilməsi el ağsaqqalına ömrünün 99-cu, ən gözəl, ən sevinc dolu payızını yaşadır. Özü də deyir ki, nəinki o, sədrlik etdiyi Lənkəran Rayon Ağsaqqallar Şurasının 300-dən çox üzvü, eləcə də bütün yaşlı nəslin nümayəndələri ordumuzun zəfər çaldığı bu günlərə şahid olduqları üçün böyük qürur hissi yaşayırlar. Nəhayət ki, Ali Baş Komandanın və müzəffər ordumuzun gücü sayəsində 30 illik həsrətə son qoyulur. Kamal kişi deyir ki, ağsaqqallar da dövlət başçısının ətrafında sıx birləşib və Prezidentin çıxışlarını, zəfər xəbərlərini səbrsizliklə gözləyirlər.

Ağsaqqal növbəti ayların təqaüdünü də ianə etməyə hazırdır, təki torpaqlarımız işğaldan azad olunsun və bu zəfərlərdə kiçik bir pay sahibi də o olsun.

Paylaş

 Xəbəriniz olsun