70 illik möcüzə – VİDEO

  • SpaceTV
  • 11 Noyabr 2019 12:51

Düz 70 il bundan əvvəl dünyada açıq dənizdə ilk neft quyusu fontan vurdu. Və bununla da dünyanın 8-ci möcüzəsi yarandı. Söhbət Neft Daşlarından gedir. Ölkənin neft sənayesinin inkişafına ciddi təkan verən Neft Daşları bu günlərdə öz yubileyini qeyd edir.

Bəli möcüzələr adası. Yəqin ki dənizin üzərində qurulan  bu şəhər insan zəkasının zirvəsi hesab olunduğuna görə buranı belə adlandırıblar. Neft daşları nə qədər möcüzəyə bənzəsə də 70 ildir ki, o  bir reallıqdır. Özündə əmək, əziyyət, alın tərini  birləşdirən reallıq.  Neft daşları haqqında demək olar ki hər kəs məlumatlıdır. Elə biz də . Lakin yalnız eşitdiklərimiz və videokdrlardan  gördüyümüz  qədər. Yüz eşitməkdənsə bir görməyin yaxşı olduğunu deyib üz tutduq  dənizin ortasında yaradılan  bu şəhərə. Yolumuz elə də uzun olmadı. Təxminən 35 dəqiqə sonra helikopterin kiçik pəncərəsindən bu əzəmətli adanı gördük.

Əvvəl neft daşlarının tarixinə bir qədər  nəzər salaq. Bu ərazilər əvvəllər daşlı qayalı sahə imiş. Ancaq bu, görkəmli geoloq Ağa Qurban Əliyev, Sabit Orucov və Yusif Səfərov kimi tarixi şəxsiyyətlər birgə  bu kiçik adaya gələnə qədər belə oldu. Onlar burda ilk qazma qurğusunu yerləşdirdilər, və sahəsi cəmi 14 kvadrat metr olan kiçik ev tikdilər. 1949-cu ilin yayında birinci kəşfiyyat quyusunun qazılmasına başlandı.

Bununla da dünyada yeni möcüzənin, dəniz üzərində şəhərin əsası qoyuldu.Həmçinin bu hadisədən sonra ərazidəki qara daşlar neft daşları adı ilə əvəzlənir. Azərbaycan neftçiləri dənizdən neft çıxarmağın mümkün olduğunu bütün dünyaya sübut etdilər. Və bu, dünyaya yeni bir təcrübə oldu. Açıq dənizdə quraşdırılan ilk  dəniz platforması kimi isə Ginnesin rekordlar kitabına məhz Neft Daşları daxil oldu.

Burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq, neftçilərin yaşayışı və qazma işlərinin aparılması üçün istifadə edilib. Həmin dövrdə Neft Daşlarının 7 gəmi adası kimi məşhurlaşmasının səbəbi də elə bu idi.

Neft daşları  tarixində çox fırtınalara, qəzalara şahidlik edib. Bunlardan ən faciəlisi isə 1957-ci ildə yaşanıb. Həmin vaxt dalğalar 14 metrə qədər yüksəlib.

Bu faciədən sonra möcüzələr adasında təhlükəsizliyi artırmaq üçün bəzi dəyişikliklər edildi. Dənizdən cəmi 3-5 metr məsafədə olan estekadalar daha yüksəyə qaldırıldı. Neftçilərimiz işə hər gün bu yollarla gedir.

Neftçilərimiz vətən üçün, xalq üçün dənizlə, dalğalarla apardıqları mübarizəni cəbhədə də davam etdiriblər.

Şəhid neftçilərimiz üçün neft daşlarında abidə də qoyulub.

Möcüzələr adasının ecazkarlığı və neftçilərimizin əziyyəti yaradıcı insanların da diqqətindən yayınmayıb. Bir birinin ardınca Neft Daşlarına həsr olunmuş filmlər, musiqilər və romanlar  ərsəyə gəlib.

Vaxt zaman keçdikcə neft daşları da dəyişir. Cəmi 7 gəminin batırılması ilə əsası qoyulan möcüzələr adası indi əsl şəhərə çevirilib. Neft Daşlarında bu gün yaşayış binaları, helikopter  meydançası, tibbi-sanitar hissə, mağazalar var. Polad estakadalar üstündə ağaclar əkilib, park salınıb.

Neftçilərimiz qarşılaşdıqları cətinliklərə baxmayaraq bu şərəfli peşənin sahibi olduqları üçün qurur duyduqlarını dedilər.

Aralarında gənc neftçilər də var. 22 yaşlı Ülvi işə ilk başladığı zaman daha çox çətinlik çəksə də indi alışdığını dedi.

Bu gün Neft Daşları baharını yaşayır. Keçən il Neft Daşlarında hasilat 1 milyon tondan artıq olub. Bu ilin ilk 9 ayı ərzində 790 min ton neft, 72 milyon kubmetr qaz hasil edilib. Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 milyon ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 milyon ton civarındadır.

70 illik böyük tarixi olan neft daşlarındakı günümüzbitdi. Günün sonunda hər kəsin üzündə yorğunluq vardı. Lakin tək yorğunluq yox həm də məmnunluq. Neftçilərimizlə bir gün keçirtmək və dünyanın 8-ci möcüzəsində olmağın məmnunluğu.

Paylaş

 Xəbəriniz olsun