65 ilin pinəçisi

  • SpaceTV
  • 13 Sentyabr 2019 13:17

Müasir dövrümüzdə unudulmaqda olan qədim pinəçilik  bu gün də sənət qədri bilənlər tərəfindən qorunur, öz ahəngi ilə yaşadılır. 85 illik ömrünün nə az, nə çox, düz 65 ilini sərasər bu sənətə həsr etmiş Mustafa Heydərov yaşadığı Cəlilabad rayonunda indi də bu peşənin  sadiq keşikçilərindədi.

 “Zərin qədrin zərgər bilər” deyib, atalarımız…  

Qədimdən xalqın xidmətində duran sadə peşə, sənət yolçularımız da öz işinin zərgəri olub, necə deyərlər, verdiyi sözə, vədə sahib çıxıb, həmişə el-obada hörməti qazanıb.    Dünyanın hər üzünü görmüş Mustafa Heydərov da belə sadə peşə adamlarından biridir. 65 ildir ki, pinəçiliklə məşğul olur. Bu illərdə usta öz müştərilərini  Cəlilabadın M.F.Axundov küçəsindəki kiçik bir köşkdə qarşılayır.   Ona yaxınlaşan müştəriləri min bir  nəvazişlə qarşılayır, razılıqla yola salır. Usta deyir ki, o vaxtlar bu sənət sahibləri hörmət-izzət sahibləri idilər. İşimizə məsuliyyətlə yanaşırdıq.

O vaxtkı pulla 500-600 manata qədər aylıq qazancımız olurdu. Usta özünü, ailəsini yaşadan da bu peşənin olduğunu bildirir.

Mustafa kişi 1953-54-cü illərdə Almaniyada hərbi xidmət zamanı pinəçiliklə məşqul olarkən, özünün dediyinə görə, o vaxtkı pulla 4 markaya aldığı bu “biz” aləti bu gün də qocaman sənətkarla yoldaşlıq edir. Müştərilər isə  ağız dolusu ondan razılıq edirlər.

Usta Mustafa kişi, nə qədər sağam, bu peşəni də ömrümün sonuna qədər yaşadacağam deyir.

Təyyar Nəsirli – Vüqar Qaliboğlu – Space – Cəlilabad

Paylaş

 Xəbəriniz olsun