60 sentner

  • SpaceTV
  • 14 Oktyabr 2019 17:05

Bəyaz örtüyə bürünmüş pambıq tarlalarında əsl canlanma var. Aylarla zəhmət çəkilib hasilə gətirilən məhsul bir tərəfdə əllə, digər tərəfdə isə pambıq yığan maşınlarla toplanılır. Bu görüntülər Neftçala rayonundandır. Ötən ildəkindən fərqli olaraq bu il rayonda əkin sahələri azaldılıb və 4087 hektar əkinə yararlı, münbit torpaqlarda pambıq əkilib. Hər hektarda məhsuldarlığı artıqmaq məqsədi ilə torpaq sahibləri vaxtında yüksək reproduksiyalı toxumlardan istifadə ediblər. Becərmə dövründə isə bütün aqrotexniki qaydalara əməl etməklə tarlalarda bol məhsul yetişdiriblər. Xüsusi ilə dövlətin göstərdiyi diqqət və qayğısı kənd adamlarının pambıq yığımında böyük ruh yüksəkliyi ilə çalışmalarına imkan verib.

Əvvəlki illərlə müqayisədə bu mövsümdə pambıqyığan maşınlara daha çox üstünlük verilib. Hər gün tarlalara xaricdən alınıb gətirilmiş 24 pambıqyığan maşın çıxarılır. Gün ərzində 500 tondan artıq məhsul yığılaraq tədarük məntəqələrinə göndərilir. İndiyədək 5647 ton maşınlarla pambıq yığılıb. Məntəqələrə təhvil verilən məhsulun hamısı birinci növlə qəbul olunub.

Pambığın birinci yığımında rayonda hər hektardan 50-55 sentnerdən çox məhsul toplayan fermerlər də var. Hektarlardan gözləntiləri isə daha böyükdür.

Rayonda pambıq yığımı başlanan vaxtdan bu günədək 7300 tondan artıq “ağ qızıl” istehsal olunub. Qeyd edək ki, bu il Neftçala rayonunda pambıq tarlalarından minimum 10-15 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Təyyar Nəsirli  SPACE TV

Paylaş

 Xəbəriniz olsun