5752 sahibkara maliyyə dəstəyi göstərildi

  • SpaceTV
  • 13 Aprel 2020 17:03

5752 sahibkara maliyyə dəstəyi göstərildi. Söhbət koronavirus pandemiyası nəticəsində zərərə məruz qalan iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlardan gedir ki, artıq onların hesablarına vəsait köçürülüb. Bu puldan sahibkarlar necə yararlana bilər? Yardım nə üçün nəzərdə tutulub? Cəfər Talıbın reportajından biləcəksiz.

Koronavirus pandemiyası nəticəsində zərərlə üzləşən sahələrdə çalışan vətəndaşlar artıq öz əmək haqqlarını ala biləcək. Bu məqsədlə 5 752 sahibkarın hesablarına umumilikdə, 8 milyon 939 min manat vəsait köçürülüb. Ödənişi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Dövlət Xəzinədarlığı Agentliyi həyata keçirib. İqtisadçı Ruslan Atakişiyev bildirir ki, maliyyə dəstəyinin məqsədi iş yerlərini və sosial sabitliyi qorumaqdır.

Ayrılan vəsait muzdlu işçilərin əmək haqqlarının ödənilməsinə xərclənəcək. Zərərlə üzləşən sahibkarla maddi yardım edilərkən böyük şirkətlərlə yanaşı, kiçik və orta biznesin də nümayəndələri nəzərə alınıb. Belə ki, qeyd edilən məbləğin 2 milyon 948 min manatı 2560 mikro sahibkara ödənilib.

Koronavirus pandemiyasının, həmçinin dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı prezident İlham Əliyevin sərəncamına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti ilə gündəlik əsasda davam etdirilir.

Cəfər Talıb SPACE TV.

Paylaş

 Xəbəriniz olsun