420-ə yaxın neftçi təxliyyə edilib

  • SpaceTV
  • 2 Dekabr 2019 14:56

SOCAR ötən gündən başlayaraq hava şəraitinin kəskinləşməsi ilə əlaqədar dənizdə  təxliyyə tədbirlərinə başlayıb. 420-ə yaxın neftçi təxliyə edilib. SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirdi ki, şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə  gücləndirib.

Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.  

Bəs ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirildi ki, sabah günün 2-ci yarısından başlayaraq hava şəraiti  mülayimləşəcək.

Qeyd edək ki, bu gün səhər saatlarından qeyri-sabit hava şəraiti müşahidə edilir. Əksər rayonlarda yağış, dağlıq ərazilərdə (Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi Naftalanda arabir  38 m/s, Bakıda 34 m/s, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 m/s, Maştağa, Tərtərdə 25 m/s, Xınalıqda 24 m/s, Nabranda 20 m/s, Bərdədə 18 m/s, Xaçmazda 16 m/s, Şəmkirdə 15 m/s- dək güclənib. 

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun