29 oktyabr Türkiyədə Cümhuriyyət Günüdür

  • SpaceTV
  • 29 Oktyabr 2019 11:13

Bu gün Türkiyənin Cümhuriyyət günüdür.

SPACE TV bildirir ki, Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr (29 Ekim) 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə Atatürk (1881, Selanik – 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. “Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımızı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm…Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir”.

O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: “Gəldikləri kimi də gedəcəklər…Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni, yenə ulusun öz gücü qurtaracaqdır”.

Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, “Meclis Başkanı” seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: ” Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm”. Atatürk və Türk xalqı Qurtuluş savaşında möhtəşəm zəfər qazandı. Dünya ölüm-dirim savaşına qalxan türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri “Lozan Barış Antlaşması” imzalandı, Türk millətinə təhqir olan “Sevr Antlaşması” qüvvədən düşdü.

Paylaş

 Xəbəriniz olsun