250-dən çox azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində, 2019-2020-ci tədris ili üzrə müvafiq təqaüd proqramları əsasında xaricdə təhsil alacaq.
Leyla Məmmədli xaricdə təhsil alıb ölkəmizdə öz karyerasını quran gənclərimizdəndir. O, 2010-2015-ci illər xaricdə təhsil proqramı çərçivəsində İngiltərənin Birmingem şəhərində təhsil alıb.
4 ildir ki, vətəndə olan Leyla Məmmədli artıq 3 ilə yaxındır ki, audit sahəsində çalışır. Və bununla da aldığı təhsillə ixtisasına uyğun sahədə çalışaraq ölkəmizə fayda verməkdədir. Həmsöhbətim xaricdə təhsil almağın fərqli təcrübə olduğunu da deyir.
Əvvəlki illərlə müqayisədə bu il xaricdə təhsil alacaq tələbələrin sayı daha çoxdur. Təhsil nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli bildirdi ki, hökümətlərarası müqavilə çərçivəsində Azərbaycanlı tələbələr üçün dünyanın müxtəlif ölkərində kvotalar ayrılıb. Ən çox kvotanı Macarıstan ayırıb. Belə ki, bu ölkə üzrə 200, Çin Xalq Respublikası üzrə 37 , Latviya üzrə 13, Böyük Çin Səddi təqaüd proqramı üzrə bir, Rusiya üzrə üç nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Təhsil xərclərinə gəlincə isə … Proqram çərçivəsində təhsil xərclərini qarşı tərəf ödəyir. Həmçinin tələbələrə təqaüd verilir.
Bildirək ki,2018-2019-cu tədris ilinin sonuna olan məlumata əsasən yerli ali təhsil müəssisələrində 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb. Ölkədə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya kimi ölkələrdən olmaqla 90-dan çox ölkənin vətəndaşlarıdır.
Nərgiz Ərəstunqizi Space