Astara rayonunda bir nəfərin boğulması ilə nəticələnən bədbəxt hadisə yaşanıb. Axşam saatlarında dənizin nəzarətsiz ərazisində qeydə alınan hadisə 24 yaşlı gəncin həyatına son qoyub. Belə ki, rayonun Maşxan kənd sakini Rəşad Baxşıyev dənizdə çimərkən suda batıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışa cəlb olunub. Dalğıc-axtarış qrupunun səyi nəticəsində Rəşad Baxşıyevin meyiti sudan çıxarılaraq müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qeyd edək ki, Rəşad Baxşıyev ailəli idi və bir övladı var. Faktla bağlı araşdırma aparılır.
Rövşən Almasoğlu SPACE TV