2 azyaşlı tüstüdən boğularaq öldü

  • Space TV
  • 31 Avqust 2020 13:02

Şirvan şəhərində yataqxanada baş verən yanğın zamanı azyaşlı 2 qardaş tüstüdən boğularaq ölüb. Spacetv.az –ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Şirvan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsindəki  mənzillərin birində qeydə alınıb. Şəbnur Vəliyevaya məxsus mənzildə baş verən yanğın zamanı evdə nəzarətsiz qalan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və onun qardaşı 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər. 

Qeyd edilir ki, yanğına evdə nəzarətsiz qalan azyaşlılar səbəb olub. Ehtimala görə, nə etdiklərini anlamayan azyaşlılar kibritlə ehtiyatsız davranaraq yanğın törədiblər. Qonşular evə daxil olan zaman artıq gec olub. Hər iki azyaşlını ölmüş vəziyyətdə aşkar ediblər. Məlumata görə, hadisə baş verən zaman uşaqların anası evdə olmayıb və azyaşlılar da nəzarətsiz qaldığından belə bir faciə baş verib.  

Hadisə yerinə Şirvan Yanğından Mühafizə hissəsinin  yanğınsöndürənləri cəlb olunub, yanğın lokalaşdırılıb və qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu,  Spacetv.az

Paylaş

 Xəbəriniz olsun