190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

  • SpaceTV
  • 10 İyul 2020 10:10

Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildiyinə görə, iyunun 21-dən xüsusi karantin rejimi tətbiq olunan səkkiz şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənilib.

Bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan səkkiz şəhər və rayonda (Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin edib. 

Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülüb və bu barədə onlara rəsmi məlumat göndərilib.

Beləliklə, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub.

Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.

Paylaş

 Xəbəriniz olsun