190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

  • SpaceTV
  • 11 Aprel 2020 14:44

İlkin olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə köçürülüb. Bu gündən vətəndaşlara  sms məlumatlar göndərilib. Bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur. Qeydiyyatdan keçmək üçün gecikmiş vətəndaşlar isə narahat olmasın. Məsələn, təyin olunmuş qrafikdə Binəqədi rayonu üzrə aprelin 8-də vətəndaşların işsiz kimi qeydiyyata alınması qeyd olunub. Əgər həmin şəxs müraciət üçün gecikibsə onun şansı var. Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən bildirildi ki, vətəndaşların qeydiyyat prosesi davam edir.

Şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb. Nazirliyin saytına  giriş çox olduğu üçün onun fəaliyyətində çətinliklər yaranıb. Nazirlik rəsmisi qeyd etdi ki, problem  əsasən yardım  kateqoriyasına aid olmayan vətəndaşların müraciəti nəticəsində yaranıb.   

Qeydiyyatdan keçən zaman mobil telefon nömrəsinin vətəndaşın öz adına olub-olmaması ilə bağlı şərt yoxdur. Sadəcə həmin nömrənin işlək olması vacibdir. Çünki həmin nömrəyə mesaj göndəriləcək. Bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin olunacaqlar. Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanının rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN nömrəni daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon Məşğulluq mərkəzlərinin telefon nömrələrinə zəng edə bilərlər.

NƏRGİZ ƏRƏSTUNQIZI ISA SPACE TV

Paylaş

 Xəbəriniz olsun