18 məktəb tikilir -FOTO

  • SpaceTV
  • 24 Avqust 2019 11:47

Bilik gününə ölkəmizin bütün təhsil ocaqları hazırlaşır.  Bu münasibətlə məktəb tikintisində son illərə görə, rekord göstəricini diqqətinizə çatdırmaq istəyirik. Bu siyahıya Lerik rayonuda düşüb. Belə ki, Lerikdə 18 məktəb tikilir.

Space TV- nin bölgə müxbiri məlumat verir ki, 1985-2003 illərdə Lerikdə cəmi 3 məktəb tikilmişdisə, son 15 ildə rayonda 58 məktəb inşa olunub, 22-si  isə əsaslı təmir olunub. Hazırda rayonda məktəblərin 4-ü ənənəvi, 13-ü isə modul tipli olmaqla tikilir və quraşdırılır. Bir məktəbin isə əsaslı təmiri davam etdirilir. Lerik rayonun 2117 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən Orand kənd məktəbinin tikintisində demək olar işlər yekunlaşmaq üzrədir.

Üç mərtəbədən ibarət 180 şagird yerlik Orand kənd məktəbi üçün yeni binanın tikintisinə keçən ilin oktyabrından başlanılıb. Məktəb binasının hörgü işləri  tamamlanıb. Elektrik xətləri çəkilib, santexnika işləri görülüb. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, pəncərələr qoyulur.

Rayonda Oranddan başqa daha 3 orta məktəbin – hər biri 180 yerlik olan Siyov, Bonkəndil, Əvilə kənd məktəbləri üçün yeni binaların inşası, 13 modul tipli məktəbin quraşdrılması davam etdirilir.

Qeyd edək ki, Orand, Siyov və Əvilə kənd məktəbləri, eləcə də  10 modul tipli məktəb  bilik günündə müəllim və şagirdlərin ixtiyarına veriləcək.

Rövşən Almazoğlu Space Lerik

Paylaş

 Xəbəriniz olsun