17 yeni salınmış yaşayış massivi qazla təmin olunub – FOTO

  • SpaceTV
  • 21 Sentyabr 2020 14:52

Bu ilin yanvar-iyul aylarında ümumilikdə 328,9 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. 

Spacetv.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib. Bildirilib ki, Bakı Regional Qaz İstismar Departamenti, regional qaz istismar idarələri və Sumqayıt qaz istismar sahəsi tərəfindən isə daxili imkanlar hesabına 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28,37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib. Eyni zamanda 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 

Regionlar üzrə 17 yeni salınmış yaşayış massivinə, dörd yaşayış məntəqəsinə (o cümlədən avqust ayında 1 yaşayış massivi, 4 yaşayış məntəqəsi) təbii qazın verilməsi təmin edilib. Son illər respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Belə ki, hazırda ümumi abonent sayı 2 milyon 300 minə yaxınlaşmaqdadır.

Qeyd edək ki, “Azəriqaz” İB cari ildə qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işlərini uğurla davam etdirir. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri aparılır. 

Paylaş

 Xəbəriniz olsun