15 yaşlı məzun – FOTO

  • SpaceTV
  • 15 Avqust 2019 17:52

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri artıq elan edilib. Lənkəranda tələbə adını qazandığına sevinənlər arasında 15 yaşlı məzun da var.

Söhbət Miryusif  Feyzullazadədən gedir. Lənkəranın Şilavar kəndində yaşayan qəhrəmanımız uğurlu nəticə göstərməklə həm ailəsini təəccübləndirib, həm də sevindirib. Ali təhsil müəssisəsinə qəbul olmaq qeyri-adi uğur deyil, lakin tələbə adını 15 yaşda qazanmaq hər kəsə qismət olmur. Lənkəran şəhər 5 saylı tam orta məktəbin məzunu olan Miryusifin təhsilə, mütaliəyə bəslədiyi sevgi ona məqsədinə çatmağa kömək edib.

Nəvəsinin biliklərə yiyələnmək yolunda ilk addımlarını atmasına böyük kömək olan və ailədə Miryusifin tələbə adını qazandığını ilk öyrənən də elə nənəsi olub.

Yeniyetmə qəhrəmanımız arzusunda olduğu sahə üzrə seçim edib və Lənkəran Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. Son  zamanlar ölkəmizdə, xüsusən də cənub bölgəsində turizm sektorunun sürətli inkişafı və bu sahədə görülən işlər Miryusifin belə bir ixtisas seçimi etməsinə səbəb olub. Seçiminə isə valideynləri müdaxilə etməyib, əksinə, ona inanaraq dəstəklərini əsirgəməyiblər.

Qeyd edək ki, keçən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda respublika üzrə ən yaşlı tələbə adını qazanan da Lənkəran sakini olmuşdu. 55 yaşlı Atakişi Ağayev Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsində təhsil almaq hüququ qazanmışdı.

Rövşən Almazoğlu Space Lənkəran

Paylaş

 Xəbəriniz olsun