15 min tondan çox “Ağ qızıl” toplanacaq

  • SpaceTV
  • 5 Avqust 2019 17:54

SPACE.TV-nin məlumatına görə, Neftçalalı fermerlər bu il əkdikləri 5 min hektar sahədən 15 min tondan çox “ağ qızıl” toplamağı qarşılarına məqsəd qoyublar.

Neftçalada fəaliyyət göstərən 3 şirkət tərəfindən bu il 5 min hektar sahədə pambıq əkilib. Əvvəlki illərdən fərqli olaraq əkin yalnız yararlı torpaqlarda aparılıb. Pambıq gəlirli sahə olduğundan rayonda bu sahəyə maraq da xeyli artıb. Bəzi mülkiyyətçilər hətta əkin sahələrini bir qədər də genişləndiriblər.

Torpaq mülkiyyətçilərinin dediyinə görə, dövlət tərəfindən onlara hərtərəfli diqqət və qayğı göstərilir. Texnika, çiyid, gübrə ilə təmin etdiyindən indiyədək kimsə çətinliklə qarşılaşmayıb. Odur ki, sahələr də vaxtında aqrotexniki qaydada becərilib.

Hazırda hər kolun üzərində 30-40 arasında qoza və xeyli sayda gül-daraq var. Bu isə məhsulun bol olmasından xəbər verir. Pambıq yığımına bir aydan da az vaxt qalır. İndindən yığıma da hazırlıq işləri görülür. Təsərrüfat sahibləri yığım zamanı pambıqyığan maşınlara üstülük verməyi nəzərdə tutublar.

Qeyd edək ki, bu il neftçalalı fermerlər min bir zəhmətlə becərdikləri pambıq sahələrindən 15 min tondan çox “ağ qızıl” toplamağı nəzərdə tutublar.

Təyyar Nəsirli

Paylaş

 Xəbəriniz olsun