“10 manat ödənirsə, ucqarlardakı əhaliyə…” – Deputatdan vacib TƏKLİF

  • SpaceTV
  • 9 Dekabr 2019 17:06

Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərə əlavə ödənişlər edəcək.

SPACE TV xəbər verir ki, bu barədə deputat Arman Babacanyan çıxışında deyib. Onun sözlərinə görə, layihə 2020-ci ilin yazında Azərbaycanla sərhəddəki Tavuş, Qeqarkunik və Vayots-Dzor vilayətlərinin kəndlərində başlayacaq. Proqram Azərbaycanla sərhəddə azı 3 il yaşayan ailələrdə hər yeni doğulan körpəyə 1000 dollar birdəfəlik ödənişin verilməsinə, uşağın 3 yaşa çatmasına qədər isə ayda 100 dollar müavinətin kəsilməsini nəzərdə tutur.

Deputat gələn il müzakirəyə çıxarılacaq qanun layihəsinin maliyyələşməsində diaspor və yerli biznesmenlərdən kömək alacaqlarını deyib.

Ermənistan hökumətinin bu addımı haqqında Modern.az-a danışan beşinci çağırış Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, uzun illərdir, Ermənistan xaricdən köçürüb, Qarabağda yerləşdirdiyi erməniləri belə vədlərlə aldadır. Deputatın fikrincə, bu tədbirlər həyata keçirilsə belə Ermənistan üçün heç bir effekti olmayacaq:

“Qarabağa köçürülən ermənilərin pasportları alınır, onlara işğal olunmuş ərazilərimizdən çıxmaq qadağan edilir. Əsgərlik yaşında olan oğlanları cəbhəyə aparırlar. Həmin ərazilərdə isə hərbi xunta rejimi təşkil ediblər. Xüsusi buraxılış olmadan oradan heç kim çıxa və ya əraziyə girə bilməz. Bu yolla onlar cəbhə xəttində məskunlaşmanı hazırda da davam etdirirlər.

Bu gün erməni hökumətinin büdcəsi ən aşağı səviyyədədir. Onların büdcədən həmin vəsaiti ödəməsi çox çətindir. Beynəlxalq hesabatlarda əksini tapan məqam da var ki, Ermənistanda doğum səviyyəsi çox aşağıdır. Bir tərəfdən əhali canını qurtarıb, oradan qaçmağa çalışır, digər tərəfdən isə aclıqdan, səfalətdən uşaq dünyaya gətirmək istəmirlər. Üstəlik erməni ailələri başsızdır. Erməni kişiləri Rusiyada, digər qonşu ölkələrdə pul qazanmağa gedirlər, Ermənistana qayıtmaq istəmirlər. Ona görə də, ailələr natamamdır və azuşaqlıdır. Nəticədə, çıxılmaz vəziyyətdə qalan Ermənistan hökuməti Qarabağdakı əhalinin sayını artırmaq məqsədilə bu cür şirnikləndirici, aldadıcı metodlara əl atır”.

Deputat Ermənistan hakimiyyəti tərəfindən aldadılmış ermənilərə səslənib:

“Axmaq, hiyləgər erməni hakimiyyətinə inanmayın. Siz köçürüldüyünüz o ərazilərin sahibi deyilsiniz. Biz özümüz oraya yenidən qayıdacağıq, öz torpalarımızda yenidən məskən salacağıq. O zaman sizlərə heç Ermənistan hakimiyyəti də sahib çıxmayacaq.

Ermənistan hökumətinin etdikləri hamısı boş şeylərdir. Küçədən hakimiyyətə gələn Nikol Paşinyan Ermənistan əhalininin artacağını da demişdi. Halbuki əminamanlıq vaxtında, SSRİ-də Ermənistanın əhalisi Azərbaycan kişilərinin hesabına artırdı. İndi kimin hesabına əhalinin sayını artıracaqlar?”

E.Məmmədov bir müddət öncə səsləndirdiyi fikri yenidən təkrarlayıb. O, Azərbaycanın cəbhə bölgələrində, ucqar dağ kəndlərində, sərhəd bölgələrində, cəbhə xəttinə yaxın yerlərdə yaşayan əhaliyə daha artıq kömək göstərilməsini təklif edib:

“Həmin ərazilərdə məskunlaşan əhali ilə bağlı qanun hazırlanmalıdır. Biz imkan verməməliyik ki, kəndlərdə, ucqarlarda əhali azalsın. İnsanların kənddən şəhərə kütləvi axınını azaltmağa ehtiyac var. Ona görə, rayonlarda yaşayan gəncləri ora maraqlandırmaq vacibdir. İlk növbədə ucqarlarda yaşayan şəxsləri işlə təmin etmək lazımdır. Məsələn, rayon mərkəzində, şəhərdə bir işi yerinə yetirən şəxsə 10 manat ödənirsə, ucqarlardakı əhaliyə iki qatı verilməlidir. Onların kommunal xidmətlərdən azad olunması, müxtəlif güzəştlərin verilməsi vacibdir. Belə həvəsləndirmələr olsa, gənclər öz doğma kəndlərində, el-obalarında yaşayacaqlar”.

Paylaş

 Xəbəriniz olsun