1 manatlıq dönərin “Ləzzəti”

  • SpaceTV
  • 27 Sentyabr 2019 16:53

“Space” – in xüsusi müxbiri Orxan Şükür bu dəfə də, bütün küçələr, keçidlər boyu, insanların daha çox toplaşdığı yerlərdə satılan “1 manat”lıq dönərləri araşdırıb. Məqsədimiz  kiminsə çörəyinə bais olmaq deyil. Sadəcə istehlakçıların yedikləri ucuz dönərlərin hansı ətdən və hansı şəraitdə hazırlandığını öyrənmək  və tamaşaçılara çatdırmaqdır.  Hələ 2006-ci ildən toyuq dönərinin satışı qadağan olunub. Bəs niyə hələ də dönərxanalarda istehlakçıya toyuqdan hazırlanan bir manatlıq dönərlər təklif olunur?!  Problem isə təkcə hazırlanan dönərin ətinin keyfiyyətində deyil, həm də hazırlandığı yerin şəraitsizliyindədir.

1 manata satılan dönərin necə hazırlandığını araşdıranda müəyyən etdik ki, qeyd olunan məbləğ dönərin heç maya dəyəri belə etmir. Nəzərə almaq lazımdır ki, dönərin hazırlanmasında istifadə olunan çörək 20 qəpik, onun arasına təxminən 50-60 qram çəkisində ət əlavə olunduğu halda, onun qiyməti də 65 qəpik edir. Bundan əlavə dönərə soğan, mayanez, tomat pastası, zövqə görə kartof, pomidor, xiyar əlavə olunur. Bir dönərin hazırlanmasında istifadə olunan bu  qarışımların qiyməti də təxminən 20 qəpik edilir. Məlumdur ki, adıçəkilən məhsul hazırlanarkən elektrik və qazdan istifadə olunur. Bunların qiyməti əlavə olunanda və üstəlik, dönərxananın icarə qiyməti və işçinin aylıq əmək haqqı nəzərə alınanda 1 manatlıq dönər, qeyd etdiyimiz kimi, heç onun maya dəyərini ödəmir. Elə yerlər var ki, orada hətta dönərin üstündə ayran da verilir. Belə olduqda isə manatlıq dönərin hazırlanmasında istifadə olunan ətin haradan gətirildiyi və nə üçün bu qiymətə satıldığı maraq doğurur.

Ən maraqlısı da budur ki, istehlakçılar belə dönərlərin keyfiyyətinin aşağı olduğunu bilə-bilə yenə də almağa davam edirlər.

Bu dönərin keyfiyyətsiz olduğunu bilib ondan uzaq duranlar da var

Qida Təhlükəsizliyi Agentliyindən isə şəhərdəki dönərxanaların nəzarətdə olduğunu bildirdilər.

Əgər dedikləri kimi nəzarət edirlərsə, maya dəyəri ilə satış qiyməti uzlaşmayan, dönər necə olurki hələ də satılır.  Deməli burada bir çatışmazlıq var. Qida Təhlükəsizliyi Agentliyi  üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Və əgər bu qurum varsa fəaliyyət göstərməlidirsə niyə göstərmir ?!

 Ətin haradan gətirildiyi və dönərin nə ətindən hazırlandığı ilə bağlı məlumatlar müştəriyə göstərilməlidir. Bir istehlakcı kimi dönərin nə ətindən hazırlandığını öyrənməyə çalışdıq. Lakin bir ağlabatan cavab ala bilmədik.

Göründüyü kimi dönərxanaların əksəriyyətində  nə belə bir sənəd var, nə də ətin mənşəyi ilə bağlı dəqiq məlumat verən. Bunlar yoxdursa, həmin dönərxanadan istifadə edən insana istənilən xəstəlik keçə bilər.  Onlar bizim sağlamlığınızı düşünməyə bilər, bəs özümüzə nə olub?

Orxan Şükür  Space

Paylaş

 Xəbəriniz olsun