Əmanətlərin sığortalanması müzakirə edildi

  • SpaceTV
  • 24 Sentyabr 2019 11:58

Azərbaycanda əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır. Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirilən konfransda səsləndirib. Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə birgə keçirilən toplantıda Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar dair siyasət müzakirə olunub.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır. Tədbiri giriş sözü ilə açan Vüsal Qasımlı bildirib: “2019-cu ilin iyulun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8057,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8 580 milyon manata çatmışdır. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artmışdır. Əhalinin xarici valyutada tələb olunanadək əmanətləri 10,3 faiz artıb, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalıb. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir.

Paylaş

 Xəbəriniz olsun