Əli Əhmədov: “Azərbaycan Qarabağı azad etməklə Cənubi Qafqaza sülh bəxş edir”

  • Space TV
  • 7 Oktyabr 2020 12:26

“Sentyabrın 27-dən etibarən Azərbaycan xalqı tarixinin yeni mərhələsini yaşayır, qədim və möhtəşəm tarixinin yeni şərəf və ləyaqət səhifəsini yazır. Müasir tariximizin yeni xilaskarlıq mərhələsi başlayır”.

Spacetv.az-ın xəbərinə görə, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədov “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, Qarabağ addım-addım azadlığına qovuşur: “Düşmən nə qədər təxribatlar törətməyə çalışsa, yalnız münaqişə bölgəsində deyil, ondan çox-çox uzaqlarda olan yaşayış məskənlərini və dinc sakinləri hədəfə alsa da, prosesin qarşısını kəsmək qeyri mümkündür. Qarabağın işğaldan azad edilməsi, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası, ədalətin təntənəsi deməkdir. Lakin, Azərbaycanın öz haqq işi uğrunda müqəddəs savaşının tarixi mənasını yalnız bununla məhdudlaşdırmaq düzgün olmazdı. Bu savaş daha böyük məna və dəyər kəsb edir. Azərbaycan Qarabağı işğaldan azad etməklə, əslində Cənubi Qafqazda sülh və əmin-amanlığın daha etibarlı dayaqlar üzərində qərar tutmasına əhəmiyyətli töhfə verir. Azərbaycanın azadlıq savaşı, həmçinin bütün dünyada haqqı tapdalanan xalqlara inam və ümid bəxş edir”.

Ə.Əhmədov qeyd edib ki, 30 ilə yaxındır ATƏT-in Minsk Qrupu BMT-nin mandatı əsasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğuldur: “Dağlıq Qarabağın məhz rəşadətli Azərbaycan Ordusunun sayəsində addım-addım öz azadlığına qovuşması vasitəçilərin “fəaliyyətinin” (yəni fəaliyyətsizliyinin) ən bariz ifadəsi sayıla bilər. Həyat göstərir ki, bu illər ərzində BMT-nin üzvü olan müstəqil dövlətin ərazilərinin 20 faizinin işğal altında qalması, bir milyon Azərbaycan vətəndaşının məcburi köçkün həyatının məhrumiyyətlərini yaşamağa məhkum olması onları azacıq da olsa narahat etmirmiş. Azərbaycan öz gücü ilə Qarabağ torpaqlarını azad etməyə başladıqda isə vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri olan Fransanın prezidentinin narahatlığı özünü çox gözlətmədi. Düşünmək olardı ki, o bu vaxta qədər münaqişənin nizama salınmamasından vicdan əzabı çəkərək buraxılmış imkanları bərpa etməyə çalışacaq. Lakin bütün sağlam məntiqin əksinə olaraq, Makron açıq şəkildə işğalçının yanında olduğuna heç bir şübhə yeri qoymayan mövqe sərgilədi. Nə qədər təəccüblü və inanılmaz görünsə də, Fransa prezidenti sərgilədiyi bu anlaşılmaz mövqeyi ilə fransa inqilablarından bəşəriyyətə miras qalmış bərabərlik, humanizm, ədalət ideyalarına xəyanət etdiyinin, vasitəçilik missiyasına xas olan tərəfsizlik və qərəzsizlik prinsipinə olümcül zərbə vurduğunun fərqində belə olmadı. Anlamaq belə istəmədi ki, onun açıq şəkildə işğalı və işğalçını dəstəkləməsi Minsk Qrupuna ölüm hökmü oxumaqdır. Qarabağ münaqişəsinin nizama salınması kimi haqq işinə məsul edilənlər, müxtəlif beynəlxalq təşkilatlar və sairlər on illər ərzində unutdular ki, Azərbaycan heç zaman müharibə ideologiyasının daşıyıcısı olmayıb və deyil. Əksinə, Ermənistanın müharibə partiyasının hədəfinə çevrilib, böyük məhrumiyyətlər yaşamalı olub. Ancaq indi zaman artıq dəyişib. Onların 30 il boyunca etməli olduğu, lakin etmədiyi işi ordumuz edir və Ermənistanın müharibə partiyasına layiq olduğu dərsi verir və verəcək”.

Paylaş

 Xəbəriniz olsun